.78.
ən-Nəbə (Böyük xəbər) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
www.AYSU.az
ən-Nəbə (Böyük xəbər) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
- Böyük bir xəbər (qiyamət günü) haqqında!
- Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
- Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
- Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
- Məgər Biz yeri döşək etmədikmi?!
- Dağları da dirək?!
- Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
- Yuxunuzu da istirahət etdik.
- Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
- Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
- Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
- Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
- (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
- Onunla dən və bitki yetişdirək,
- Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
- Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
- Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
- (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
- Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
- Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
- O, azğınların məskənidir.
- Onlar orada sonsuz müddət qalacaqlar.
- Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
- Qaynar sudan və irindən başqa!-
- (Dünyadakı əməllərinə) uyğun cəza olaraq.
- Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
- Ayələrimizi də elə hey təkzib edirdilər.
- Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
- İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
- Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
- Bağçalar və üzüm bağları,
- Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
- (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
- Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
- (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
- Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
- Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
- Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
- Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.
www.AYSU.az